https://www.innews.media/uploads/news/2022-10/_innews_a7e01f5c08b2b4966f2dd434b_o.jpg
İnnews.media xəbər verir ki, bunu Bakıda keçirilən Milli Kulinariya Konqresində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
İnanıram ki, konqress milli kulinariyanın və qastro turizminin inkişafına öz töhfəsini verəcək.
Bildiyiniz kimi, ölkə rəhbərliyi tərəfindən turizmin inkişafına hər zaman xüsusi diqqət ayrılıb.
Fürsətdən istifadə edib, cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya buna görə minnətdarlığımı çatdırmaq istərdim.
Qastro turizm özünəməxsus və maraqlı bir sahədir.
Bu gün bütün dünyada qastronomik turizm inkişaf edir.
Dünya təcrübəsində qastronomik turların sayı getdikcə artır.
Yeni və fərqli dadların axtarışında olan turistlər getdikləri ölkələrin mətbəx nümunələrinin dadına baxırlar, hətta onların hazırlanması üsulunu öyrənirlər.
Əlbəttə, ölkəyə gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsullarımız var.
Azərbaycan “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensiala malikdir.
Təbiətimiz zəngindir. Həmçinin əlverişli iqlim şəraiti və məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir.
Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir.
Qeyd etməliyəm ki, ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur.
Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb.
Mərkəzin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb etməklə onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, bununla belə zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğat işini artırmaq, milli mətbəx irsini tədqiqi işini və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir.
Eyni zamanda turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılması yönündə strategiya sənədinin hazırlanması ilə bağlı işlər də aparılır.
Bildiyiniz kimi, bu ilin may ayında Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi.
Əlbəttə, cənab Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimizin qəhrəmancasına azad etdiyi, Qarabağın incisi olan Şuşada belə bir festivalın təşkil olunması tarixi bir hadisə idi.
Festivalda dünyanın 11 ölkəsindən, Azərbaycanın 14 bölgəsindən olan kulinariya nümunələri nümayiş etdirildi.
Qastronomiya turizmi həm regional turizm, həm də aqro və eko turizm növləri ilə ahəngdar olaraq inkişaf edir.
Bu baxımdan Dövlət Turizm Agentliyinin dəstək verdiyi layihələrdən biri “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” - “Slow Food” layihəsini qeyd etmək olar.
Layihə pilot olaraq 5 rayonu - Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə etdi. Gələcəkdə digər turizm dəhlizləri üzrə də bu növ marşrutların yaradılması planlaşdırıla bilər.
Regionların unudulmuş, qədim yeməklərini üzə çıxartmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələr önəm kəsb edir.
Həmçinin qastronomiya turizmi ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə bilər.
Dövlət Turizm Agentliyi olaraq turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatlar kimi, kulinariya sahəsində fəaliyyət göstərən ictimai birlikləri də dəstəkləyirik.
Hər zaman qeyd etdiyimiz kimi, gücümüz birliyimizdədir.
Sənayenin birgə fəaliyyəti çox önəmli faktordur. Eyni hədəfə vurmaq üçün çalışmalıyıq.
Dövlət Turizm Agentliyi bu istiqamətdə sizə hərtərəfli dəstək verməyə hər zaman hazırdır.
Hesab edirik ki, bu günki konqress xüsusilə bu cəhətdən mühüm əhəmiyyət kəsb edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin