https://www.innews.media/uploads/news/2026-05/_innews_2e55ca4f27e53d4fef9bd3ac8_o.jpg
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə əməkdaşlığı ilə “Qədim inanclar və arxeologiya: dinlər tarixi prizmasından” mövzusunda elmi seminar keçirilib.
Seminarın əsas məqsədi qədim inancların arxeoloji materiallar əsasında öyrənilməsi, maddi mədəniyyət nümunələri vasitəsilə inanc sistemlərinin elmi baxımdan tədqiqi və dinlər tarixinin müxtəlif aspektlərinin araşdırılması olub.
Açılış nitqi ilə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov bu kimi elmi tədbirlərin tələbələrin dünyagörüşünün genişlənməsi, elmi araşdırmalara marağının artırılması və multidissiplinar yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, dini mətnlər vasitəsilə təqdim olunan məlumatlar arxeologiya elminin ortaya qoyduğu maddi faktlarla tamamlanır və bu yanaşma qədim inancların daha dolğun şəkildə öyrənilməsinə imkan yaradır.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov qədim inancların və dini dünyagörüşünün arxeoloji materiallar əsasında öyrənilməsinin elmi əhəmiyyətindən danışıb. O, bildirib ki, maddi mədəniyyət nümunələri qədim cəmiyyətlərin dini təsəvvürlərinin araşdırılması baxımından mühüm mənbələrdəndir.
Seminar Aİİ-nin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafanın moderatorluğu ilə davam edib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov “Sərdabələrdə dəfnetmə adəti” mövzusunda çıxış edərək sərdabələrin orta əsr dəfn ənənələrində tutduğu yer, onların memarlıq xüsusiyyətləri və dini-mədəni baxımdan əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, sərdabələr dövrün sosial statusu, inancları və dəfn mərasimləri barədə mühüm tarixi mənbələrdən hesab olunur.
Tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov “Sosial stratiqrafiyanın son orta əsr qəbirlərində əksi: Ağdamdakı Üzərliktəpə və İmarət qəbiristanlıqları” mövzusunda məruzə ilə çıxış edib. P. Qasımov son orta əsrlər dövrünə aid qəbir abidələrinin sosial təbəqələşmənin öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, qəbir formaları, dəfn üslubu və maddi tapıntılar həmin dövrdə cəmiyyətin sosial strukturu və həyat tərzi barədə mühüm məlumatlar verir. Məruzəçi Ağdam şəhərinin işğaldan azad olunmasından sonra Üzərliktəpə, Pənahəli xan sarayı və İmarət Kompleksində aparılan arxeoloji qazıntılar zamanı əldə edilən materialların Qarabağın tarixi-mədəni irsinin və bölgənin sosial həyatının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov “Şimal-Qərb bölgəsi XIX əsr maddi mədəniyyəti: qəbirüstü daşlar və kitabələr” mövzusunda çıxış edərək XIX əsrə aid qəbirüstü daşların və kitabələrin bölgənin maddi-mədəni irsinin öyrənilməsində mühüm mənbələrdən olduğunu bildirib. Ə. Niyazov kitabələrdə əks olunan dini inanclar, sosial münasibətlər və dövrün estetik xüsusiyyətləri barədə məlumat verib, bu abidələrin tarixi yaddaşın qorunmasında xüsusi rol oynadığını vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə “Azərbaycanın cənub-şərq bölgəsində küp qəbirlərdə dəfnlər: Eminli nekropolu” mövzusunda məruzə ilə çıxış edib. Eminli nekropolunda aşkar olunan küp qəbirlərin qədim dəfn ənənələrinin və bölgənin dini-mədəni xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətindən bəhs edən A. Ağalarzadə bildirib ki, arxeoloji tapıntılar həmin dövrdə insanların inancları, məişəti və dəfn mərasimləri haqqında mühüm elmi məlumatlar təqdim edir.
Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aliyə Mürsəlova “Daşa həkk edilmiş yaddaş: Quba şəhəri Qırmızı qəsəbə Dağ yəhudiləri nekropolunun epiqrafik tədqiqi” mövzusunda çıxış edib. A. Mürsəlova Qırmızı qəsəbədə yerləşən Dağ yəhudilərinə aid nekropoldakı qəbirüstü kitabələrin epiqrafik xüsusiyyətləri, onların tarixi və dini-mədəni əhəmiyyəti haqqında məlumat verib. O qeyd edib ki, kitabələr bölgənin multikultural mühitini, etnik-dini müxtəlifliyini və tarixi yaddaşını əks etdirən mühüm mənbələrdəndir.
Seminar mövzu ətrafında geniş müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin