https://www.innews.media/uploads/news/2026-05/_innews_63b40bbdc0558e73b5db4b07b_o.jpg
Türkiyənin Mərmərə Universitetinin ev sahibliyi ilə İstanbulda keçirilən "Türk Dostluğu Əsaslı Əməkdaşlıq: Tarixdən Gələcəyə Beynəlxalq Münasibətlər Perspektivləri" mövzusunda "III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi"ndə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, professor Yusif Alıyev Azərbaycanı təmsil edib.
Konqresin açılış və plenar iclasında geniş məruzə ilə çıxış edən prof. Y. Alıyev müasir dünyada türk dövlətlərinin inteqrasiyası fonunda Azərbaycanın türk dünyasına verdiyi tarixi və strateji töhfələrdən bəhs edib, tarixlə müasir təhsil sisteminin vəhdətinin formalaşdırılmasının vacibliyini xüsusi vurğulayıb.
O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionda və qlobal miqyasda yaradılmış mükəmməl geosiyasi reallıqlardan, ölkəmizin türk birliyinin güclənməsinə yönəlmiş qətiyyətli addımlarından bəhs edib.
Konqresin elmi bölmələrində çıxışını davam etdirən prof. Yusif Alıyev "Ali təhsil sistemində türk milli kimliyinin qorunmasının əsasları" mövzusunda elmi məruzəsini təqdim edib. Məruzədə qloballaşma şəraitində gənc nəslin milli ruhda tərbiyə olunması, ali təhsil müəssisələrinin ortaq türk kimliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindəki strateji rolu elmi-nəzəri əsaslarla diqqətə çatdırılıb.
Qeyd edək ki, beynəlxalq konqresdə coğrafi baxımdan geniş təmsilçilik qeydə alınmış; Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Almaniya və Yaponiyadan gəlmiş 200-ə yaxın tanınmış alim, strateq və mütəxəssislər elmi məruzələrlə çıxış edərək fikir mübadiləsi aparmışlar.
Tədbirin bədii və rəsmi hissəsində mədəniyyətlərarası bağların rəmzi olaraq qarşılıqlı hədiyyələşmə mərasimi keçirilib. Prof. Yusif Alıyev tərəfindən Mərmərə Universitetinin rektoru prof. Mehmet Emin Okura, Türk Dünyası Yörük Türkmən Birliyinin baş katibi İrfan Tatlıoğluna və Konqresin Təşkilat Komitəsinin sədri Camal Ağquşa Azərbaycanın qədim mədəniyyəti, tarixi və milli irsini tanıdan xüsusi xatirə hədiyyələr təqdim edilib.
Konqres rəhbərliyi və təşkilatçı qurumlar adından da prof. Y.Alıyevə xüsusi simvolik hədiyyələr təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin