logo
Qazaxıstan - Yaponiya münasibətləri yeni mərhələdə

Qazaxıstan - Yaponiya münasibətləri yeni mərhələdə

Qazaxıstan - Yaponiya münasibətləri yeni mərhələdə Qazaxıstan - Yaponiya münasibətləri yeni mərhələdə

Müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb geosiyasi proseslər fonunda Qazaxıstan ilə Yaponiya arasında əməkdaşlığın inkişafı xüsusi diqqət cəlb edir. Son illərdə Prezident Qasım-Jomart Tokayev tərəfindən həyata keçirilən çoxşaxəli xarici siyasət kursu Asiyanın aparıcı dövlətləri ilə münasibətlərin genişləndirilməsinə yeni imkanlar yaradıb. Bu baxımdan Yaponiya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi Astananın uzunmüddətli geosiyasi hədəflərinin mühüm istiqamətlərindən biri hesab olunur.

Qazaxıstan ilə Yaponiya münasibətlərinin əsası 1990-cı illərin əvvəllərində qoyulub. Hazırda bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, yüksək texnologiyalar, yaşıl iqtisadiyyat və investisiya layihələri iki ölkəni bir-birinə daha da yaxınlaşdırır.

Yaponiya uzun illərdir ki, Mərkəzi Asiyanı mühüm geostrateji məkan kimi qiymətləndirir. Tokio regionu yalnız enerji resursları baxımından deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit qovşağı kimi görür. Bu baxımdan Qazaxıstan regionun ən sabit və iqtisadi baxımdan ən güclü dövləti kimi Yaponiyanın xüsusi maraq dairəsindədir.

Prezident Tokayevin rəhbərliyi dövründə Qazaxıstan “Orta Dəhliz” layihəsinin inkişafına böyük önəm verir. Çin ilə Avropa arasında alternativ nəqliyyat marşrutu hesab olunan bu layihə Yaponiyanın da maraqlarına cavab verir. Çünki Tokio dünya ticarət yollarının şaxələndirilməsində və yeni təhlükəsiz logistika marşrutlarının yaradılmasında maraqlıdır.

Məhz buna görə son illərdə Yaponiya şirkətlərinin Qazaxıstana marağı əhəmiyyətli dərəcədə artıb.

Xüsusilə:

  • nadir metallar,
  • uran sənayesi,
  • alternativ enerji,
  • rəqəmsal texnologiyalar,
  • ağıllı şəhər layihələri,
  • ekoloji innovasiyalar

sahələrində əməkdaşlıq genişlənir.

Qazaxıstan dünyada ən böyük uran istehsalçılarından biri olduğu üçün Yaponiya üçün strateji əhəmiyyət daşıyır. Fukusima hadisəsindən sonra Tokio enerji təhlükəsizliyi məsələlərinə daha həssas yanaşmağa başlayıb və bu baxımdan Qazaxıstan etibarlı tərəfdaş hesab edilir.

Bundan əlavə, Yaponiya Mərkəzi Asiyada Çin və Rusiyanın artan təsiri fonunda region dövlətləri ilə balanslaşdırılmış əməkdaşlıq modeli qurmağa çalışır. Qazaxıstan isə çoxvektorlu xarici siyasət strategiyası vasitəsilə həm Qərb, həm Çin, həm Rusiya, həm də Asiyanın aparıcı ölkələri ilə münasibətləri paralel şəkildə inkişaf etdirir.

Tokayevin diplomatik fəaliyyətində Asiya istiqamətinin gücləndirilməsi təsadüfi deyil. O, beynəlxalq münasibətlər sistemində yaranan yeni reallıqları düzgün qiymətləndirərək Qazaxıstanın yalnız regional deyil, qlobal iqtisadi layihələrdə də mühüm rol oynamasına çalışır.

Tokio qubernatoru Yuriko Koike ilə Tokayev arasında 22 may 2026-cı il tarixində Astanada yeni görüş keçirilib. Bu görüşdə şəhər idarəçiliyi və Tokio–Astana əməkdaşlığı məsələləri müzakirə olunub.

Yəbii ki, bu görüş də təsadüfü deyil. Yuriko Koike Yaponiyanın ən nüfuzlu siyasətçilərindən biri hesab olunur. O, xarici siyasət, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərində kifayət qədər təcrübəli dövlət xadimidir. Koikenin Mərkəzi Asiya istiqamətinə maraq göstərməsi, Tokionun region siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Bütün bunlar göstərir ki, yaxın illərdə Qazaxıstan ilə Yaponiya arasında:

  • iqtisadi əməkdaşlıq,
  • texnoloji tərəfdaşlıq,
  • enerji təhlükəsizliyi,
  • nəqliyyat layihələri,
  • geosiyasi koordinasiya

daha da güclənəcək.

Müasir dünyanın dəyişən siyasi mənzərəsində Astana ilə Tokio arasında formalaşan yeni əməkdaşlıq modeli yalnız iki dövlət üçün deyil, bütövlükdə Avrasiya məkanının gələcək geosiyasi balansı baxımından da mühüm əhəmiyyət daşıyır.

Müəllif: Qəvami Sadıqbəyli. Azərbaycan

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media