https://www.innews.media/uploads/news/2023-05/_innews_cac8f77670d289f7931b908b4_o.jpg
Mayın 10-da Aqrar Sığorta Fondunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov çıxış edərək bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. XX əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyevin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdı. Kənd təsərrüfatının inkişafına qayğının artırılması 1969-1982-ci illərdə Azərbaycan hökumətinin diqqət mərkəzində olan ən ümdə vəzifələrdən biri idi. Onun Azərbaycana rəhbərliyinin ikinci dönəmi - 1993-2003-cü illər ölkəmizin müstəqilliyinin çox gərgin çağlarına təsadüf edirdi. Amma Ulu öndər müdrik siyasətçi və dövlət adamı olaraq bütün çətinliklərin öhdəsindən gələ bildi, ölkədə sabitliyin qorunmasını təmin etdi. Və bu gün onun layiqli davamçısı prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini öz əməli fəaliyyəti ilə təsdiqlədi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider, torpaqlarımızın xilaskarı, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdı. Tədbirdə çıxış edən Aqrar sığorta Fondu idarə Heyətinin sədr müavini Firdovsi Ağaşirinov və İdarə heyətinin üzvü Roman Əmircanov da Ümummilli liderimiz haqqında ürək sözlərini, xatirələrini bölüşüblər. Dahi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, onun ölkə həyatının bütün sahələrindəki fəaliyyətindən bəhs ediblər. Tədbirdə Ümummilli liderin həyatı və fəaliyyəti haqqında filmlər nümayiş olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin