https://www.innews.media/uploads/news/2026-04/_innews_79705126e3ab435095d35c811_o.jpg
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, qrupun üzvləri Kamal Cəfərov, Gülşən Paşayeva və Nigar Arpadarai Almaniyada səfərdədirlər.
Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament dostluq qrupunun rəhbəri Mirze Edisin dəvəti ilə keçirilən səfər çərçivəsində deputatlar aprelin 21-də Almaniya Bundestaqında bir sıra görüşlər keçiriblər.
Əvvəlcə Əsas Dəyərlər və Beynəlxalq Anlayış Fondunda görüş keçən nümayəndə heyəti daha sonra Bundestaqın Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mirze Edis və qrupun üzvləri ilə görüşüblər. Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Bundestaq sədrinin müavini Omid Nouripour və Almaniya Kansler Aparatının Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin rəhbəri Tim Pranqe ilə görüşlər keçirilib.
Səfər münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən tədbir keçirilib.
“Azərbaycan-Almaniya Dostluq Ziyafəti” başlığı altında keçirilən tədbirdə Bundestaq üzvləri, müxtəlif dövlət qurumlarının rəsmiləri, jurnalistlər, elm və mədəniyyət xadimləri və diaspor üzvləri iştirak edib.
Səfir Nəsimi Ağayev çıxış edərək, tədbirin iki ölkə arasında illər ərzində formalaşmış və getdikcə daha da möhkəmlənən tərəfdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, parlamentlərarası əlaqələr Azərbaycan–Almaniya tərəfdaşlığının əsas sütunlarından biridir.
Almaniyanın Avropada əsas tərəfdaşlardan biri kimi mövqeyi vurğulanaraq, iqtisadi sahədə artan qarşılıqlı marağın investisiya, innovasiya və dayanıqlı inkişaf üçün yeni perspektivlər açdığı qeyd olunub. N.Ağayev bildirib ki, Azərbaycan ilə Almaniya arasında siyasi dialoq müsbət, konstruktiv və etibarlı xarakter daşıyır. Qlobal qeyri-müəyyənliklər fonunda bu dialoqun önəmi daha da artır.
N.Ağayev Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində son aylarda əldə olunan nəzərəçarpacaq irəliləyişləri qeyd edərək, bunun Avropa üçün də strateji önəm daşıdığını bildirib.
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov ümumi tarixi keçmişə sahib Azərbaycan-Almaniya münasibətlərinin son illərdə müxtəlif sahələrdə sürətlə inkişaf edərək dərinləşdiyini söyləyib. Münasibətlərimizin enerji və təhlükəsizlik istiqamətləri ilə yanaşı, təhsil sahəsində də uğurla inkişaf etdiyi, minlərlə azərbaycanlı gəncin Almaniyada təhsil aldığı vurğulanıb. N.Həsənov iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini xüsusi qeyd edərək, hazırkı səfərin də bu məqsədə xidmət etdiyini bildirib.
Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə parlament dostluq qrupunun rəhbəri Mirze Edis çıxışında ölkələrimiz arasında 34 ildir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsində parlamentlərarası əlaqələrin də rolunu xüsusi qeyd edib. O, müxtəlif siyasi qüvvələri təmsil edən alman deputatların bu əməkdaşlığa fəal maraq göstərdiklərini qeyd edərək, regionda sülhün və əməkdaşlığın təşviqi üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, xüsusilə iqtisadi əlaqələrin inkişafı və yeni tərəfdaşlıq istiqamətlərinin genişləndirilməsi məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildirib. Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin Almaniya üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan N.Vaqner bu prosesin inkişafı üçün Azərbaycanın atdığı konstruktiv addımları alqışladıqlarını qeyd deyib. Həmçinin, Avropa İttifaqı çərçivəsində Azərbaycanla əməkdaşlığın, xüsusilə enerji və nəqliyyat bağlantıları sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə iştirakçılara Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunub.
Qeyd edək ki, səfər çərçivəsində Milli Məclisin nümayəndə heyətinin bu gün Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner ilə də görüşü nəzərdə tutulub.