https://www.innews.media/uploads/news/2026-05/_innews_23d2236fa2d6bd7c9a2cee660_o.jpg
Gənc ssenarist Fəzilə Həmidli son dövrlərdə üzərində çalışdığı layihələrlə diqqət çəkməyə davam edir. Müxtəlif janrlarda “Film”, “Qısametrajlı Film” və “Serial” ssenarilərinin müəllifi olan gənc ssenarist hazırda böyük maraqla gözlənilən “Bir Ümid” teleserialı və “Ev 47” qorxu filminin ssenari müəllifliyini öz üzərinə götürüb.
Beynəlxalq Media ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Fəzilə Həmidli, xüsusilə dramatik və psixoloji xətt üzərində qurulan layihələrdə fərqli üslubu ilə seçilir. Onun yazdığı ssenarilərdə emosional dərinlik, real həyat motivləri və gərgin süjet xətti əsas yer tutur.
Hazırda hazırlıq mərhələsində olan “Bir Ümid” teleserialında həm ssenari müəllifi, həm də ideya müəllifi kimi çıxış edən Fəzilə Həmidli, layihənin əsas hekayə xəttini formalaşdıran şəxslərdən biridir. Kriminal və dram janrını bir araya gətirən serialın yerli televiziya sektorunda fərqli atmosfer yaradacağı bildirilir.
Bununla yanaşı, iyul ayında çəkilişlərinə başlanılması planlaşdırılan “Ev 47” adlı tammetrajlı qorxu filmi də gənc ssenaristin diqqət çəkən yeni layihələrindəndir. Xarici bazar üçün nəzərdə tutulan film psixoloji qorxu və mistik elementləri ilə seçiləcək. Layihənin beynəlxalq auditoriyaya təqdim olunması planlaşdırılır.
Gənc yaşına baxmayaraq böyük layihələrdə yer almağa davam edən Fəzilə Həmidli, müasir Azərbaycan kino sektorunda adından danışdıran yeni nəsil ssenaristlərdən biri kimi qiymətləndirilir.