https://www.innews.media/uploads/news/2026-05/_innews_62e4143f4f27b9439897dcc7c_o.jpg
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının memarı, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Ukraynanın paytaxtı Kyivdə qeyd edilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivləri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini və diaspor fəalları Kyivdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. İştirakçılar daha sonra Kyivdə Azərbaycan-Ukrayna “Dostluq Xiyabanında” növbəti ağacəkmə aksiyasında iştirak ediblər. Səfirliyimizin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, Kyiv şəhər Şurasının deputatları, Kyiv şəhər Meriyasının rəsmiləri də iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır.
Belə ki, “Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrətli və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb”, deyə səfir bildirib.