https://www.innews.media/uploads/news/2026-05/_innews_1218b4bdcb432ac1fa7df93e1_o.jpg
Həyat bəzən bizi elə anlarla qarşılaşdırır ki, geriyə baxanda "yaxşı ki" dediyimiz yeni səhifələr açılır. Mənim üçün bu səhifə, 23-24 may, Şüvəlandakı "Cırtdan" düşərgəsinin qapısından içəri addım atdığım an yazılmağa başladı.
Mən Ayan, 20 yaşındayam. Həyatın ən dinamik, eyni zamanda "görəsən, haradan başlamalıyam?" sualının ən çox qabardığı bir dövrdəyəm. Məhz bu axtarışlar məni Azərbaycanın ən yaxşı, ən köklü gənclik təşkilatlarından biri olan Sağlam Düşüncə Gənclər Təşkilatının qapısına gətirdi. Hansı təşkilat ki, mənimlə eyni yaşdadır. İkimiz də həyatımızın ən parlaq dönəmindəyik. Hazırda bu böyük ailəyə üzvlüyə namizədəm və etiraf etməliyəm ki, bu iki günlük üzvlər üçün keçirilən düşərgədə iştirak məni indidən onların bir hissəsinə çevirdi. ortamdakı olan güvənlilik, doğmalıq indidən hiss olunurdu..

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşan bu düşərgə, mənim üçün sadəcə şəhər səs-küyündən qaçmaq deyil, həm də böyük bir vizyonun parçası olmaq demək idi. Hə, bir də bu iki gündə sadəcə əylənmədim, həm də öyrəndim. Bilirsiz? Sağlam Düşüncənin əsas mahiyyətlərindən biri də budur. Əylənərək öyrənmək…
İlk Gün - Dəyərlər, Güvən və Komanda Ruhunun Gücü
Düşərgənin ilk günü addım atdığımız andan etibarən ətrafı bürüyən o fərqli ab-havanı hiss etməmək qeyri-mümkün idi. Bura tam mənası ilə bir safe zone idi. Hər kəsin bir-birini mühakimə etmədən dinlədiyi, hər fikrə dəyər verildiyi bir mühit. İlk sessiyamız SDGT-nin həmtəsisçisi Ramiz Əliyev ilə başladı. Ramiz bəyin təşkilatın dəyərlərindən, gəncliyə verdiyi töhfələrdən danışarkən gözlərindəki o inamı görmək, biz namizədlərə "düzgün yerdəsiniz" mesajını lap dərindən ötürdü. Məndən 2 yaş balaca olanda - 2006-cı ildə Ramiz bəyin dostları ilə bu təşkilatı yaratması məndə fəxr, sevgi və özünəinam hissi yaratdı. Təsəvvür edirsiz? 18 yaşlı gənclər indi Azərbaycanın ən öndə gedən gənclər təşkilatını yaradıblar. Təşkilatın illərdir sadiq qaldığı prinsiplər məndə böyük bir heyranlıq yaratdı.
Həmin günün ikinci yarısı isə sözün əsl mənasında bir enerji partlayışı idi! Anar Məmmədovun rəhbərliyi ilə keçən komanda quruculuğu oyunları bizə komanda olmağın, bir-birimizə güvənməyin və bərabər həll yolları tapmağın nə qədər əyləncəli ola biləcəyini göstərdi. Biz həm çox güldük, həm çox əyləndik, həm də fərqinə varmadan bir-birimizə bağlandıq. Evə gedəndə də özümlə bir qucaq dolusu suallar apardım. Çünki bu sessiya məni öz daxilimdəki işığa çatmaqla bağlı güclü metodlar öyrətdi. Yəqin ki, bir neçə gün bu barədə düşünəcəm…
İkinci Gün: Maksimum Produktivlik və PR-ın Sirləri
İkinci günə oyanarkən içimdə qəribə bir xoşbəxtlik və daha çox öyrənmək istəyi var idi. Çünki bizi qarşıda çox özəl bir təlim gözləyirdi. Azərbaycanda PR sahəsində öz sözünü demiş professional, ən yaxşı PR mütəxəssislərindən biri olan Vüqar Baba bizimlə idi!
Vüqar bəyin keçdiyi PR təlimi mənim üçün bir master-klass oldu. Yalan deməyəcəm bu sahəyə olmayan marağıma rəğmən onun danışdıqları məndə dərin maraq yaratdı. Medianın dili, ictimaiyyətlə əlaqələrin incəlikləri və gənclərin bu sahədə necə strateji addımlar ata biləcəyi haqqında verilən məlumatlar o qədər produktiv və praktiki idi ki, zamanın necə keçdiyini anlamadıq. Bir gənc olaraq həm əylənib, həm də karyerama birbaşa təsir edəcək bu dərəcədə keyfiyyətli bir bilik baqajı toplamaq mənim üçün böyük bir səmərəlilik göstəricisi idi.
Bəs Geridə Nə Qaldı?
Bu iki günü xülasə etməli olsam, ağlıma gələn ilk sözlər xoşbəxtlik, təhlükəsiz mühit, yüksək produktivlik və ailə dəyərləri olar. SDGT mənə sadəcə bir gənclik təşkilatı olmadığını, gənclərin potensialını kəşf etməsi üçün necə böyük bir platforma rolunu oynadığını sübut etdi.
Şüvəlandan Sumqayıta qayıdarkən mən artıq sadəcə 20 yaşlı bir tələbə deyil, gələcəyə daha inamla baxan, komanda ruhunun dadını çıxarmış və bu möhtəşəm ailənin — Sağlam Düşüncənin bir parçası olmaq üçün can atan daha fərqli bir Ayan idim. Yaxşı ki varsan, SDGT! Mənim üçün artıq bir EVsən. Ümid edirəm, sənin bir parçan olaram...

Ən son xəbərləri səhifəmizdən də izləyin