https://www.innews.media/uploads/news/2025-03/_innews_0213f1af00c9330933fca6322_o.jpg
25 mart tarixində Meksika Parlamentinin San Lazaro Sarayında Deputatlar Palatasının Mədəniyyət və Kinematoqrafiya Komissiyası və Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə “Ümümdünya İrs Şəhərləri Görüşü” keçirilib.
Tədbir çərçivəsində “Müasirlik və ümumdünya irs nümunələrinin mühafizəsi” mövzusunda təşkil edilmiş masada çıxış edən Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbov Azərbaycan Hökuməti tərəfindən tarixi abidələrin qorunmasına verilən önəm və Bakı şəhərinin tarixi, İçərişəhər tarixi-memarlıq kompleksi və onun mühafizəsi sahəsində görülmüş işlər barədə məlumat verib. Səfir həmçinin Bakıda inşa olunmuş yeni memarlıq nümunələri, paytaxtın turizm potensialı və ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış addımlar, Bakının ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər haqqında danışıb. Çıxışda tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki şəhərinə də yer ayrılıb, Azərbaycanın digər ölkələrdə tarixi-mədəni abidələrin bərpasına verdiyi töhfə, işğaldan azad olunmuş ərazilərimizdə mədəni irsin tamamilə dağıdılması və hazırda Şuşa şəhəri də daxil olmaqla həmin ərazilərdə onların tarixi simalarını qorumaqla aparılan bərpa və yenidənqurma işləri xüsusi vurğulanıb. M.Talıbovun çıxışı Azərbaycanın zəngin memarlıq abidələrini əks etdirən fotolardan ibarət təqdimat ilə müşayiət edilib.
Görüşdə Mədəniyyət və Kinematoqrafiya Komissiyasının sədri Alma Lidia De La Veqa Sançes, Meksikanın Ümumdünya İrs Şəhərləri Milli Assosiasiyasının sədri Enrike Fransisko Qalindo Sebayyos və baş direktoru Xorxe Orteqa Qonsales, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) Meksika, Kuba və Mərkəzi Amerika üzrə proqram rəhbəri Fernanda Lonardoni, Quanaxuato, Zakatekas, Kampeçe bələdiyyələrinin sədrləri, habelə Meksika Parlamentinin və Mədəniyyət Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrə sahib on dörd şəhərin timsalında tarixi mərkəzlərin qorunması fonunda turizm potensialının inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Çıxışlar zamanı ümumdünya irs şəhərlərinin üzərinə həm öz tarixi siması və abidələrini qorumaq, həm də il ərzində milyonlarla turisti qəbul etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd olunub. Həmin şəhərlərin icmaların rifahına iqtisadi və sosial baxımdan təsir etdiyi, mədəni irsin mühafizəsi və iqtisadi inkişaf arasında balansın qorunmasının, müvafiq sahədə qanunverici bazanın təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, görüşün təşkilində əsas məqsəd tarixi irsin mühafizəsində digər dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparmaq və ən yaxşı təcrübələri bölüşməkdir.
Tədbir təşkilatçıları tərəfindən ümumdünya irs şəhərləri ilə bağlı keçirilən foto sərgidə Bakı şəhəri də nümayiş olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin