logo
Aqrar Sığorta sistemi şəbəkəsini genişləndirir

Aqrar Sığorta sistemi şəbəkəsini genişləndirir

Aqrar Sığorta sistemi şəbəkəsini genişləndirir Aqrar Sığorta sistemi şəbəkəsini genişləndirir

Aqrar Sığorta Müştərək Sığorta Şirkəti bölgələrimizdə filialların açılışını davam etdirir. Payızlıq əkin mövsümünün başlaması ilə əaqədar aqrar sığorta ilə bağlı müraciətlər artıq başlayıb. Bu günə qədər 1651 qısa nömrəsi və qurumla əməkdaşlıq edən sığorta şirkətlərinin filialları vasitəsilə bölgələrdən müraciətləri qəbul edən şirkət bununla da fermerlərin sığorta xidmətlərindən istifadəsini daha da asanlaşdırıb. Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edəcək filial Şəki şəhərində fəaliyyətə başlayıb.

Qeyd edək ki, ölkənin şimal-qərbində yerləşən bu iqtisadi rayonun tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları daxildir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, çayçılıq, gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük, qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 75 faizdən çoxu, taxılın 17 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 2 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu heyvandarlıq məhsullarının tədarükü üzrə ölkə üzrə 10 faizdən çoxunu təşkil edir.

Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Şəki-Zaqatala iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 11038 aqrar sığorta müqaviləsi üzrə 43480 hektar əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, fındıq, qarğıdalı sahələri və alma bağları daxildir. Gəlirlərini qorumaq, fəaliyyətlərininin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Şəki şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondu İdarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Bu islahatlardan biri Aqrar Sığortadır ki, fəaliyyətə başladığı qısa müddətdə gözləniləndən artıq fermer və təsərrüfat sahələrini əhatə edə bilib. Bu gün açılışı olan Şəki filialı da fermerlərə daha yaxın olmaq, onları maraqlandıran məsələlərlə bağlı operativ kömək etmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq. 

Açılışda iştirak edən Şəki Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala bölgəsi DAİM-lərinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışından məmnun olduqlarını, bundan sonra təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər.      

Hazırda ASF tərəfindən  48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.

ASF kommersiya məqsədi daşımayan və könüllülük prinsipi əsasında fəaliyyət göstərən bir mexanizmdir. Fermerlər əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” və “Heyvandarlıq kalkulyatoru” bölmələrində hesablaya bilərlər. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.

Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, onlara daha əlçatan olmaq məqsədilə ilin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media