https://www.innews.media/uploads/news/2025-07/_innews_3e06f972e2f1f1685a3cb1b0f_o.jpg
Sədr müavini Məmiyev, Xarici əlaqələr üzrə sədr müavini Serdar Şengül oldu
Azərbaycanın aparıcı gənclər təşkilatlarından olan Əbədi Birlik Gənclər İctimai Birliyi 01 iyul 2025-ci il tarixində keçirilən İdarə Heyətinin iclasında mühüm təşkilati dəyişikliklər edib. Birliyin sədri Şahin Vüqar oğlu Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sistemində bir il müddətinə hərbi xidmətə yollanması səbəbilə vəzifəsini müvəqqəti olaraq tərk edib.
İdarə Heyətinin qərarına əsasən, sədr vəzifəsini müvəqqəti olaraq İlkin Məmiyev icra edəcək.
Yeni sədr müavini İlkin Məmiyev verdiyi açıqlamada bildirib:
“Bu vəzifə bizim üçün sadəcə inzibati məsuliyyət deyil, müqəddəs bir xidmət və missiyadır. Əbədi Birlik təkcə Azərbaycanda yox, bütün Türk Dünyasında gənclərin səsinə çevrilmiş bir təşkilatdır. Biz bu dövrdə Azərbaycan gənclərinin uğurlarını dünyaya tanıtmaq, onların potensialını beynəlxalq aləmə çatdırmaq üçün var gücümüzlə çalışacağıq.”
Eyni iclasda qəbul edilən digər mühüm qərara əsasən, Kıbrıs Türk Cümhuriyyətindən olan tanınmış media nümayəndəsi Serdar Şengül, Xarici əlaqələr üzrə sədr müavini vəzifəsinə təyin olunub.
Serdar Şengül uzun müddətdir Şimali Kipr və Azərbaycan arasında mədəni, ictimai və informasiya sahəsində aktiv fəaliyyət göstərir. Onun bu vəzifəyə təyin olunması, Türk Dünyasında gənclər arasında media, diplomatiya və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirilir.
Vəzifəyə təyin olunduqdan sonra Serdar Şengül bildirib:
“Bu vəzifəni böyük bir şərəf və məsuliyyət kimi qəbul edirəm. Türk dünyasının gəncləri arasında həmrəyliyi gücləndirmək, Şimali Kiprin səsini qardaş coğrafiyalarda daha güclü eşitdirmək üçün çalışacağam.”
Təşkilati fəaliyyətin effektivliyini təmin etmək məqsədilə aşağıdakı şəxslər də yeni vəzifələrə təyin olunublar:
Şəlalə Haqverdiyeva – Daxili əlaqələr üzrə sədr müavini
Kamran Əsədov – Baş katib
Ayan Sədi – Mətbuat katibi
Əbədi Birlik Gənclər İctimai Birliyi yeni rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatının hədəflərinə uyğun olaraq fəaliyyətini daha da gücləndirməyi və Türk gənclərinin səsini beynəlxalq aləmdə ucaldmağı hədəfləyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin