https://www.innews.media/uploads/news/2025-07/_innews_63f6b6494e89e80eb8c4c21b3_o.jpg
Sağ olsam da ürəyim çoxdan bitib,
Sözlər yorulub, sükut alıb yerin.
Hər zərbədə bir az daha tükənib,
İstəsəm də ola bilmərəm həmin.
Sevgi ilə olan nağıllar solub,
Ürəyimdə işıq, ümman da yoxdur.
Qış olan qəlbimdə ümidlər donub,
Yaşamağa artıq güman da yoxdur.
Gülüşüm üzümə hələ də yaddır,
Hamının gördüyü o mən deyiləm.
Gülüşüm ardında ağrı dayanır,
Bəlkə, qəlbim durub, mən hiss etmirəm.
Bir vaxt sevgi ilə çırpınan ürək,
İndi susuz torpaqtək çarəsizdir.
Daha nə gələcək başıma görək?
Onsuz ürəyim uçuq xarabədir.
Hər gün var içimdə bir müharibə,
Özüməm özümə kəsilən qənim.
Ürək daşdandırsa, dözər zərbəyə,
Gər ki, pambıqdandır mənim ürəyim.
Gecələr uzun, ulduzlar səssizdir,
Duyğu da gecətək qara bağlayır.
Bir parça qəlbin ağrısı hədsizdir,
Şeirlərim mənlə birgə ağlayır.
Duyğularımda boşluq hökm sürür,
Ömür yarpaqlarım gedir hədər.
İçimdə ölü bir şəhər görünür,
Hər küçəsi səssiz, küncündə kədər.
Bəlkə, zamanla bu boşluq dolacaq,
Əlbət güləcəkdir üzümə tale.
Yenidən qəlbimin nəbzi vuracaq,
Edəcək bir gün bəxtim məni qane.
Aysel Aslanova
Ən son xəbərləri səhifəmizdən də izləyin