logo
Səni deyil, onlara verdiklərini sevirlər

Səni deyil, onlara verdiklərini sevirlər

Səni deyil, onlara verdiklərini sevirlər Səni deyil, onlara verdiklərini sevirlər

Deyirlər, insan sərvətlə, güclə sınanar. Amma əslində insan yaxşılığı ilə sınanar. Çünki yaxşılıq etdiyin zaman qarşılıq gözləyirsən: heç olmasa bir təşəkkür, bir anlayış. Amma çox zaman belə olmur. İnsanlar sənin yaxşılığını borc bilməyə başlayır.

Bəzən bir insan hər şeyini verər — zamanını, enerjisini, sevgisini. Amma qarşısındakı insan bunları sanki borc bilirmiş kimi qəbul edər. Təşəkkür etməz, hiss etdirməz, qiymətləndirməz. Sən isə bir gün artıq danışmaq istəmirsən, bir az geri çəkilirsən. Dəyərini bilən olmayanda içindəki səslər də susur.

Yaxşılıq etdikcə istifadə edildiyini hiss edirsən. Əvvəllər könüllü etdiklərin, sonralar məcbursanmış kimi gəlir. Verirsən, verirsən, bir gün dayanırsan və həmin gün səndən inciyirlər. Sən artıq "pis" olursan, çünki əvvəlki qədər vermirsən. Bu nədir? Bu yaxşılığın sınağıdır.

İnsanlar çox vaxt sənə görə yox, sənin etdiklərinə görə yanındadırlar. Səni deyil, onlara verdiklərini sevirlər. Və sən verəndə varsan, dayananda yoxsan. Bax bu, yaxşılığın acı gerçəyidir.

Biz bəzən sevgiylə danışırıq, maraqla paylaşırıq, diqqətlə dinləyirik. Amma bu duyğular qarşılıqsız qalanda nə baş verir? Səssizləşirsən. Çünki artıq səsinin bir mənası olmadığını hiss edirsən. Sözlərin yerə düşür sanki. Bax o an anlayırsan: dəyər görmədiyin yerdə varlığın da mənasızlaşır.

İnsan təbiəti belədir ki, o qiymət gördükcə çiçək açır. Bir baxışla yaşayar, bir təşəkkürlə ruhlanar. Amma qarşısında buz kimi duyğusuzluq görüncə, o da soyuyar. Sonra deyirlər ki: "filankəs əvvəlki kimi deyil".
Əlbəttə deyil. Çünki əvvəlki qədər qarşılıq almır. Dəyərləndirilmədiyi yerdə kim öz enerjisini sərf edər?
 
Sükut hər zaman razılıq deyil. Bəzən ən böyük etirazdır. Və bəzən susan biri, artıq içində çox şeyin bitdiyini göstərir.

Amma yenə də yaxşılıqdan vaz keçmək olmaz. Sadəcə onu kimə və necə etdiyini seçmək lazımdır. Yaxşılıq səni sınayacaq, amma sən də artıq insanları bu sınaqla tanıyacaqsan.

Aysel Aslanova

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media