https://www.innews.media/uploads/news/2026-05/_innews_c65b383513bce296ed6b88c55_o.jpg
Bu gün 9 May - Qələbə Günüdür. Özümə borc bildim ki, əziz, mehriban və qayğıkeş babamı böyük sevgi və hörmətlə yad edim. Məni həmişə Dədə-bala deyə çağırırdı.
Babam Rüstəmov Kamil Dərələyəz mahalının Qovuşuq kəndində 1917-ci ildə İsmayıl bəylə Pəri xanımın ailəsində anadan olub. 2 qardaş və 2 bacı olublar. Atası el-obada tanınan şəxs olub, Dərələyəzdən Naxçıvana kimi hər kəs tanıyırmış. Anası saz çalıb, bayatı və şeir deyib, at çaparmış. Böyük Dağdələnlilər tayfasının nümayəndəsidir. Tayfanın Dağdələnlilər adlandırılmasının səbəbi odur ki, Qacar Şahın dövründə el-obada su qıtlığı olduğu üçün şah deyib ki, kim kəndə su gətirib məndən nə istəsə, verəcəyəm. Babamın babası Şahın sarayında vəzir çalışırmış və külünglə dağı dəlib suyu gətirərək şahı və xalqı xilas edib. Şaha deyib ki, pul, qızıl, ad-san istəmirəm. Mənə haqqım olanı - Dağdələnli desən, bəsimdir. Bu tayfanın nümayəndələrində pəhləvanlıq da var, güclü və qüvvətli olublar.
Babam Rüstəmov Kamil Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısıdır. Alman və rus dillərini səlis bilirdi. Tərcüməçi işləyib. Onu da qeyd edim ki, həmişə kitab və qəzet mütaliə edirdi. Misilsiz şücaət və qəhrəmanlıqlarına görə müxtəlif medal və ordenlərlə təltif olunub. Babam 5 il – müharibənin əvvəlindən sonuna kimi böyük igidlik göstərib, bədəninin müxtəlif nahiyələrində - başında, qolunda, ayağında qəlpə və güllə yarası var idi. Özü danışırdı ki, 3 gün meşədə yaralı halda qalıb. Müxtəlif cəbhələrdə döyüşüb. Babam SSRİ-Finlandiya müharibəsində də qəhrəmanlıq göstərib. Çoxları kimi babamın da qara kağızı gəlib ki, vəfat edib, amma 5 ildən sonra Qovuşuğa evə qayıdıb. Hər zaman müharibə veteranı kimi dövlət qayğısı görüb, avtomobil və pul mükafatları verilib. Dövlət tədbirlərinə də daim dəvət olunurdu və iştirak edirdi. Bacısı oğlu Əliyev Əli Vəli oğlu da babam kimi müharibə iştirakçısı olub. Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Babam müxtəlif dövlət işlərində çalışıb. Bakı-İrəvan qatarında və Şərur rayonunun Şahtaxtı kəndində qatar maşinisti və Dərələyəzin Gülüdüzü kəndində mədəndə işləyib. Uğurlu fəaliyyətinə görə hər zaman mükafatlar verilib. Babamın həyat yoldaşı və nənəm Həvva xanımla ailəsində 10 övladı olub, 6 qız, 4 oğlan. 90-a yaxın nəvə və nəticəsi var. Mehriban və zəhmətkeş ata və baba olub. Oğlanları dövlət işlərində çalışıblar. Nəvə və nəticələri də müəllim, polis, mühəndis, hərbçi kimi fəaliyyət göstərirlər. Sonra Şərurun Kərki kəndində məskunlaşıb. 1988-ci ildə bu kənddən ermənilər tərəfindən deportasiya olunandan sonra Bakıda yaşayıb. 2001-ci ildə Bakıda da dünyasını dəyişib. Allah rəhmət eləsin, əziz babama. Yaxşı ki, onun nəvəsiyəm. Qürur duyuram. Hər zaman sevgi və ehtiramla anırıq, qəlbimizdə və xoş xatirələrimizdə yaşayır.
Hazırladı: Kamil Rüstəmovun nəvəsi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim
Osman Azadoğlu
.jpeg)