https://www.innews.media/uploads/news/2026-05/_innews_59f5a6901e94212980b9741f1_o.jpg
Azərbaycan televiziya və kino sektorunda yeni layihələri ilə diqqət çəkən gənc layihə rəhbəri Aytac Hüseyinova media nümayəndələrinə geniş açıqlama verib. Gənc yapımcı hazırda böyük maraqla gözlənilən “Bir Ümid” adlı kriminal-dram janrında teleserialın rəhbəri olaraq fəaliyyət göstərdiyini bildirib. Layihənin yüksək büdcə ilə hazırlandığını qeyd edən Aytac Hüseyinova, serialın həm vizual keyfiyyət, həm aktyor heyəti, həm də süjet xətti baxımından Azərbaycan televiziya sektorunda fərqli işlərdən biri olacağını vurğulayıb.
Layihə rəhbəri açıqlamasında bildirib ki, “Bir Ümid” serialından sonra yeni və daha iddialı ekran işi üzərində çalışır. Onun sözlərinə görə, “Ev 47” adlı tammetrajlı qorxu filmi artıq hazırlıq mərhələsindədir. Təxminən 90 dəqiqəlik ekran müddətinə sahib olacaq filmin yalnız yerli auditoriya üçün deyil, eyni zamanda xarici bazar üçün də nəzərdə tutulduğu qeyd olunub. Aytac Hüseyinova bildirib ki, layihə psixoloji qorxu elementləri, dramatik atmosferi və peşəkar çəkiliş üslubu ilə seçiləcək.
Açıqlamada diqqət çəkən əsas məqamlardan biri isə həm “Bir Ümid” teleserialının, həm də “Ev 47” qorxu filminin quruluşçu rejissoru ilə bağlı olub. Layihə rəhbəri qeyd edib ki, hər iki ekran işində “Osman Vinçi” adı ilə tanınan Tehran Osmanov quruluşçu rejissor kimi fəaliyyət göstərəcək. Onun fərqli çəkiliş üslubu, dramatik atmosfer qurmaq bacarığı və vizual yanaşması səbəbilə layihələrə xüsusi dinamika qatacağı bildirilib.
Bundan əlavə, Aytac Hüseyinova “Beynəlxalq Media” ilə əməkdaşlığının artıq rəsmi mərhələyə keçdiyini də açıqlayıb. Layihə rəhbərinin sözlərinə görə, keçirilən xüsusi konfransdan sonra tərəflər arasında rəsmi müqavilə imzalanıb və gələcək layihələr üzrə uzunmüddətli əməkdaşlıq qərarı verilib. O qeyd edib ki, məqsəd yalnız yerli bazarda deyil, beynəlxalq platformalarda da Azərbaycan istehsalı olan keyfiyyətli ekran işlərini təqdim etməkdir.
Gənc yapımçı yeni mövsümdə daha güclü və fərqli layihələrlə tamaşaçı qarşısına çıxacağını da vurğulayıb. O, həm serial, həm də kino sahəsində peşəkar komanda ilə çalışdıqlarını və yaxın aylarda yeni layihələrin təqdim olunacağını bildirib.
Qeyd edək ki, Aytac Hüseyinova 2005-ci il may ayının 9-da qeyd olunacaq doğum gününü tanınmış aktyorlar, media nümayəndələri və sənət adamlarının iştirakı ilə keçirməyi planlaşdırır. Tədbirin kino və media cameəsində xüsusi gecələrdən biri olacağı gözlənilir.