https://www.innews.media/uploads/news/2026-05/_innews_43a92c496167656837b98417b_o.jpg
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Daşkənd şəhərində silsilə tədbirlər keçiriləcək.
Tədbirlər Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunacaq.
Proqram çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı, professor Aysel Sadak İltashın müəllifi olduğu «Inson Yuragi Bilan Heydar Bobo» (İnsan qəlbi ilə Heydər Baba) kitabının təqdimat mərasimi keçiriləcək. Kitabda müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslərin Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri toplanmışdır. Bu xatirələr oxuculara Heydər Əliyevin şəxsiyyəti, dövlətçilik fəaliyyəti və insani keyfiyyətləri haqqında daha dolğun təsəvvür yaradır.
Qeyd olunub ki, kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında özbək dilinə tərcümə edilərək nəşr olunub.
Tədbirlər çərçivəsində Azərbaycanın tanınmış sənətçilərinin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulur. Konsert proqramında Azərbaycan klassik musiqisi səsləndiriləcək, milli musiqi ənənələri ilə müasir ifaçılıq üslubunun vəhdəti nümayiş etdiriləcək, həmçinin görkəmli Azərbaycan bəstəkarlarının əsərlərinin ifası dinləyicilərə yüksək bədii-estetik zövq bəxş edəcəkdir.
Proqramlarda dövlət və mədəniyyət xadimləri ilə yanaşı, müxtəlif ictimai qurumların nümayəndələrinin, yaradıcı ziyalıların, tələbələrin, media təmsilçilərinin və Daşkənddə yaşayan Azərbaycan diasporası üzvlərinin iştirakı nəzərdə tutulur.
Hər iki tədbirin Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği istiqamətində, habelə Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin daha da möhkəmləndirilməsinə və inkişafına mühüm töhfə verəcəyi, eyni zamanda qarşılıqlı mədəni mübadilənin genişlənməsinə, ortaq dəyərlərin təbliğinə və humanitar əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edəcəkdir.